Kuzə
Nənə-babaları sağlığında görmək xoşbəxtlikdir. Mən yalnız gözümü dünyaya açandan bizimlə qalan Fatma nənəmi görmüşəm. Onun xoş siması həmişə gözümün önündədir. Bir uşaqlıq xatirəm isə heç vaxt yaddaşımdan silinməz.
Səkkiz yaşım vardı, yay tətilində idik. Məhəllə uşaqları ilə axşama kimi oyun oynamaqdan doymurduq, heç evə getmək istəmirdik. Mən tərləyib bərk soyuqlamışdım. Axşama hərarətim qalxdı, valideynlərim həkim çağırdılar. Həkim "Adi soyuqdəymədir" – deyib, hərarətsalan dərman verib getdi. Xəstələnməyimdən hamı narahat olsa da, nənəm heç yanımdan əl çəkmir, tez-tez dodaqlarını alnıma toxundurub hərarətim olub-olmadığını yoxlayır, əndişəsini gizlədə bilmirdi. Anam növbəti dəfə otağa qayıdanda nənəmin həyəcanla danışdığını eşitdim:
– Bu uşağa göz dəyib. Balam gözümüzün qabağında saralıb-solur. Məmməd icazə versəydi, onu sabah sübhdən Əhmədiyyə babanın ocağına aparardım. O ocaq balamı sağaldacaq.
Atam nənəmin məni ocağa aparmasına çox isti baxmasa da, sözünü yerə salmayıb razılıq verdi. Cibindən əlli manat da çıxarıb nənəmə uzatdı, “bunu da bizim hamımızın adından ocağa nəzir verərsən” – dedi.
Səhər erkəndən atamın sürücüsu artıq bizi gözləyirdi; nənəmlə mən Əhmədiyyə babanın ocağı yerləşdiyi Kərimbəyliyə yola düşdük. Sürücü uzanan kələ-kötür kənd yollarından gözünü çəkmədən elə hey deyinsə də, maşın bizi atıb-tutduqca nənəmlə mən arxa oturacaqda hər dəfə bir-birimizə sarılıb gülümsəyirdik.
Həyət darvazasının önündə bizi buxara papaqlı nurani bir qoca qarşıladı. Nənəm mənə onun Əhmədiyyə baba olduğunu dedi. Ocaq adlanan bu yer də əslində, Əhmədiyyə babanın evi idi.
– Ay sizin sabahlarınız xeyir. Gör bir kimi gətirmisən bizə, ay Fatma! Yəqin, Məmmədin kiçik oğludur bu? – deyə, baba təbəssümlə üzümə baxdı.
– Hə babası, naxoşdayıb, göz dəyib balama, – nənəm əmin idi ki, xəstələnməyimin səbəbi məhz bədnəzərdir.
– Nurlu uşaqdır. Pis gözlərə şiş batsın… Keçin içəri, – deyə Əhmədiyyə baba bizi evə dəvət etdi.
Sübh çağı olsa da, həyət artıq tərtəmiz süpürgələnmiş, xəfif su çilənmişdi. Hasar boyu sıra ilə əkilmiş daş palıd ağacları həyətə xüsusi gözəllik verirdi. Kələ-kötür kənd yollarından sonra buradakı səliqə-sahman ruhu oxşayırdı…
Həyətdən keçib evin pillələrinə çatanda şüşəbəndin qapısında Əhmədiyyə babanın arvadı Güldəstə nənə bizi gülər üzlə qarşıladı. Ən böyük otaqda baş tərəfdəki divar boyu sərilmiş döşəkçələrdə bardaş qurub oturduq.