Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.
Mən səninlə fəxr edirəm, əziz dostum!
Yolçusuz yolların yolçusu
Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.
Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.
Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.
Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.
Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.
Vahidəm, fəryadım döndü ağıya,
Kim verdi fürsəti acgöz yağıya?
Cənnət məkanımı verib dığaya
Səhrada komalar tikirəm indi.
və ya
Əhvalın necədi, ay tənham, təkim?
Yolçusuz yollarım,
Dağılan səkim.
Sənin həsrətini nə qədər çəkim?
Yağının əlində əsir Ağdamım.
Vahidin bayrağa sevgisi də özünəməxsusdur: